29.03.2017

“Rayonumuzun gənc müəllimləri“ rubrikasının bu gün qonağı Lalə Məmmədova olub

“Rayonumuzun gənc müəllimləri“ rubrikasında bu gün Samux rayon Yuxarı Ağasıbəyli kənd tam orta məktəbin gənc musiqi müəllimi Lalə Məmmədova ilə həmsöhbət olduq. 1993-cü ildə Gəncə şəhərində anadan olmuş Lalə müəllim, 2011-ci ildə təhsil aldığı orta məktəbi bitirib və 2012-ci ildə Gəncə Dövlət Universitetinin Musiqi müəllimliyi fakültəsinə qəbul olunub. 2016-cı ildə ali təhsilini başa vurdub və elə həmin il Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 40 bal toplayaraq Samux rayon Yuxarı Ağasıbəyli kənd tam orta məktəbinə Musiqi müəllimi təyin edilib.

Yeni müəllimlik peşəsinə yiyələnmiş Lalə Məmmədovanın fikir və təəssüratlarını öyrənmək üçün çalışdığı məktəbə gedərək özü ilə həmsöhbət olduq:

Lalə xanım, necə oldu ki, müəllim olmağa qərar verdiniz?

Düzünü desəm kiçik yaşlarımdan indiyə qədər orta məktəbdə və ali məktəbdə fənn müəllimlərinin bizə qarşı olan xoş münasibəti və uşaqlıqda təsəvvürümdə yaranmış “Müəllim hər şeyi bilir” düşüncəsinin də təsiri ilə müəllim olub gələcək nəsilin daha da bilikli və dünyagörüşlü olmasına bacardığım qədər yardımçı ola bilmək üçün müəllim olmaq qərarına gəlmişəm.

Bildiyimiz kimi hazırda çalışdığınız məktəb ilk iş yerinizdir. Şagirdlərlə ilk dərs gününüz necə keçib?

Bəli ilk iş yerimdir bu məktəb. Şagirdlərlə ilk dərs gününün necə keçəcəyi ilə bağlı ağlımda çox suallar var idi. Həddindən artıq həyəcanlı və sevincli idim ilk dərs günü. Amma təsəvvürümdə yaratdığım qədər də həyəcan ve stresli gün olmadı. Dərs dediyim şagirdlər hamsı məni sevinc hissi ilə və xoş qarşıladılar, bu da mənim sevincimə sevinc qatdı.

 Məktəb kollektivinin sizə qarşı münasibəti necə olub?

İlk əvvəl gələndə uyğunlaşmaq, kollektivə qarışmaq və sairə məsələlərlə bağlı suallar vardı ağlımda. Amma zaman keçdikcə kollektivin mənə qarşı xoş, isti və mehriban münasibəti ağlımda olan sualların hamsına cavab oldu. Çox sevincliyəm ki, belə mehriban, istiqanlı və yardımsevər kollektivdə çalışıram.

Bildiyimiz kimi müəllim yaradıcı olmalıdır. Bəs Siz tədris etdiyiniz fənnə şagirdlərdə maraq yaratmaq üçün nələr edirsiniz?

Əlbəttə, müəllim yaradıcı olmalıdır. Mən də bacardığım qədər şagirdlərdə maraq yaratmağa çalışıram. Onlar arasında müxtəlif yarışlar təşkil edirəm, tədris proqramına uyğun olaraq bəzi məhşur musiqiçilərin ifasında əsərlərə kompüter vasitəsi ilə qulaq asdırıram. Bu barədə yenilikçi fikirlərim çoxdur, zamanla hər birin həyata keçirməyi düşünürəm.

Sonda müəllim olmaq arzusunda olan şəxslərə nə tövsiyə edərdiniz?

Müəllim olmaq istəyən şəxslərə tövsiyəm odur ki, müəllimlik çox müqəddəs və dəyərli peşədir, dəyərli olduğu qədər də son dərəcə məsuliyyətli peşədir. Özlərini gələcəkdə müəllim kimi görən şəxslərə seçdikləri peşəni sevmələrini və istəklərinə nail olmaq üçün əllərindən gələni əsirgəməmələrini təvsiyə edirəm.


Açar sözlər: ,  ,