06.04.2017

Məktəblilər arasında “Vətənin müdafiəsinə hazıram“ Poliatlon çoxnövçülüyü üzrə yarışın rayon mərhələsi həyata keçirilib

Aprel ayının 6-da Samux şəhər 1 nömrəli məktəb-liseyin stadionunda Samux Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə tam orta məktəb komandaları arasında “Vətənin müdafiəsinə hazıram“ Poliatlon çoxnövçülüyü üzrə yarışın rayon mərhələsi həyata keçirilib. Yarış Beynəlxalq Poliatlon çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən həyata keçirilib.

Yarışın keçirilməsində məqsəd idmanın kütləviliyinin artırılması, gəncləri ordu sıralarına, vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə məhəbbət, sədaqət və vətənpərvərlik hissini artırmaq, eyni zamanda rayon çempionunu aşkar etmək olub.

Oyunların yekun nəticəsinə əsasən 1-ci yerə Samux şəhər 1 nömrəli məktəb-lisey komandası, 2-ci yerə Sərkar kənd tam orta məktəb komandası, 3-cü yerə isə Çobanabdallı kənd tam orta məktəb komandası layiq görülüb.

Yarışın qalibi olmuş şəhər 1 nömrəli məktəb-liseyin komandası aprel ayının 13-17-də Mingəçevir şəhərində keçiriləcək “Vətənin müdafiəsinə hazıram“ Poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona mərhələsinə vəsiqə qazanıb.