23.10.2018

"Rayonumuzun gənc müəllimləri" rubrikasının bugünkü qonağı Vüsalə Hüseynova olub

2018-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu (MIQ) imtahanında iştirak edib 52 bal toplayaraq Samux rayon Alabaşlı kənd tam orta məktəbə riyaziyyat müəllimi təyin olunmuş Vüsalə Hüseynova 1990-ci ildə Samux rayon Sərkar kəndində dünyaya gəlib. Orta təhsilini elə doğulduğu kənd məktəbində alıb. 2014-2018-ci illərdə Gəncə Dövlər Universitetinin “Riyaziyyat və informatika” fakültəsinin “Riyaziyyat müəllimliyi” ixtisasında ali təhsil alıb.

Alabaşlı kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi yeni fəaliyyətə başlamış Vüsalə müəllimin təəssüratlarını öyrənmək üçün Onunla həmsöhbət olduq.

Vüsalə müəllim, ali təhsili müəllimlik peşəsi üzrə almağınıza və müəllim olmağınıza hansı amillər təsir edib?

Müəllimlik peşəsi üzrə ixtisas seçimini elə orta təhsil aldığım məktəbdə dərs deyən müəllimlərdən ilham alıb seçmişəm, amma aldığım təhsil üzrə işləməyimə təsir edən amillərin əsası ailəmizdən yaranıb. Atam, həyat yoldaşım, anam müəllim işlədikləri üçün, həm də riyaziyyat müəllimi olmaları məndə bu peşəyə daha da həvəs yaratdı.

Bildiyimiz kimi müəllim kimi ilk iş yerinizdir hazırda çalışdığınız məktəb. Şagirdlərlə ilk dərs gününüz necə keçib?

Müəllim kimi ilk dərs günündə biraz həyəcanlı idim. Amma o həyəcan uşaqlarla ünsiyyət və tanışlıqdan sonra yavaş-yavaş azaldı. Sinfə, uşaqlara alışmağım bir xeyli vaxt alar deyə düşünürdüm amma eksinə çox az bir zamanda hər şey qaydasına düşdü.

Bəs ilk iş yerinizdə müəllim kollektivinin sizə qarşı münasibəti necə idi ilk vaxtlar?

Müəllim kollektivinin mənə qarşı münasibətinin tez bir zamanda mehribancasına olmasını düzü gözləmirdim, məktəbdə ilk dərs günündən etibarən həm rəhbərlik, həm də müəllim kollektivinin mənə gənc müəllim kimi isti və mehriban münasibətini gördüm. Qeyd etmək istəyirəm ki, məktəbə uyğunlaşmağıma kollektivin mənə qarşı isti və mehriban münasibətinin böyük təsiri oldu.

Tədris etdiyiniz fənn həm çətin həm də maraqlı fənndir. Şagirdlərin riyaziyyata marağı necədir və onlarda marağı artırmaq üçün nələr etməyi planlaşdırırsınız?

Bəli riyaziyyat həm çətin, həm də maraqlı fənndir. Şagirdlərin marağı var bu fənnə, amma müəllim yaradıcı olmalıdır deyə düşünürəm. Bu səbəbdən gələcək günlərdə şagirdlərin bu fənnə marağını daha da artırmaq üçün müxtəlif bilik yarışı və fənn gecələri keçirməyi düşünürəm.

Yaşadığınız kəndlə çalışdığınız məktəbin arasında 15km-dən artıq məsafə var. Bu hal sizin üçün çətinlik yaradırmı?

Düz deyirsiniz yaşadığım kəndlə çalışdığım məktəb arasında xeyli məsafə var, amma bu mənimçün heç bir çətinlik yaratmır. Çünki mən peşəmi ürəkdən sevərək seçmişəm və inanmıram ki, hansısa amil bu sevginin azalmasına təsir göstərə bilsin.

Sonda müəllim olmaq istəyən şəxslərə bir gənc müəllim kimi nə tövsiyə edərdiniz?

Müəllim olmaq istəyənlərə tövsiyəm, öz üzərlərində həvəslə və yorulmadan işləmək, imtahana ciddi hazırlaşmaqdır. Çünki mən bu peşəni sadəcə işləmək üçün yox, eyni zamanda gələcəyimiz olan uşaqlara sağlam təhsil vermək, onlara düzgün yol göstərmək və bildiklərimi onlara öyrətmək üçün seçmişəm. Müəllim olmaq istəyən hər kəsə bol uğur və müvəffəqiyyət arzulayıram.