07.11.2018

"Xəmsə" intellektual oyununun rayon mərhələsi keçirilib

Samux Rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə “Xəmsə” intellektual oyunu keçirilib.

Oyunun keçirilməsində əsas məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək olub.

Yarışda hər komandada 12-14 yaş arasında yeniyetmə şagirdlərdən ibarət 30 ümumi təhsil məktəbi təmsil edən komandalar iştirak edib.

İki mərhələdən ibarət keçirilmiş yarışın I mərhələsində təqdim olunan 24 sualdan 12-dən yüksək bal toplayan 7 komanda II mərhələyə keçmək hüququ qazanıb. II mərhələdə isə 7 komandaya təqdim olunmuş 12 sualdan 7-nə doğru cavab verən Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyi təmsil edən komanda yarışın qalibi seçilib.

Qeyd edək ki, qalib komanda noyabr ayının 10-da Göygöl rayonunda keçiriləcək regional yarışda iştirak edəcək.