26.08.2019

Samux rayonu üzrə məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçirilib

2019-2020-ci tədris ilində Samux rayonundakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri yekunlaşıb.

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Təlimlərin monitorinqi və qiymətləndirilməsi isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən aparılır.

Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.

Qeyd edək ki, Samux rayonunda təşkil edilən ixtisasartırma təlimləri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təlimçisi Xəyalə Cəfərova tərəfindən aparılıb. Təlimlərdə Samux rayon üzrə 45 ibtidai sinif müəllimi iştirak edib.