10.07.2020

Samux rayon təhsil işçilərinin iştirakı ilə “Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq mövzusunda” virtual müşavirə keçirilib

10 iyul 2020-ci il tarixində Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov, təhsil şöbəsinin əməkdaşları və rayon ümumi təhsil məktəb direktorlarının iştirakı ilə “Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq mövzusunda” virtual müşavirə keçirilib.

Virtual müşavirə zamanı 2019-2020-ci tədris ilində əldə edilmiş uğurlar, pandemiyanın təsiri və dövlətimiz tərəfindən ona qarşı atılan addımlar bir daha rayon təhsil işçilərinin diqqətinə çatdırılıb.

Müşavirə Samux RTŞ-nin müdiri Gülağa Hüseynovun çıxışı ilə tədris ilinin yekunları və növbəti tədris ilinə hazırlıq barədə müzakirələrlə davam etdirilib.

IX və XI siniflər üzrə şagirdlərin buraxılış imtahanı nəticələri, attestatların işlənilməsi və verilməsi qaydalarını, yeni tədris ilinə hazırlıq, mövcud vəziyyətin yarada biləcəyi çətinliklər və ona qarşı görüləcək tədbirləri qeyd edən Samux RTŞ-nin müdiri G.Hüseynov bu məsələdə müəllimlərin maarifləndirmə işlərində yaxından iştirakını xüsusi vurğulayıb.

Buraxılış imtahanlarının nəticələrinə əsasən IX siniflər üzrə S.Əliyev adına Samux şəhər 2 nömrəli, Qovlarsarı, İnstitut qəsəbə tam orta  və Tatlı kənd ümumi orta məktəbləri, XI siniflər üzrə  Qarayeri qəsəbə 2 nömrəli, Qovlarsarı, İnstitut qəsəbə, N.Gəncəvi adına Sərkar kənd və S.Əliyev adına Samux şəhər 2 nömrəli tam orta məktəbləri rayon üzrə yüksək nəticələr əldə etmişdir. Həmin məktəblərin qazandığı nailiyyətlər digər məktəblər üçün örnək göstərilmiş və rəğbətləndirilmişdir.

Belə ki, Samux rayonunda 2019-2020-ci tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanlarında IX siniflər üzrə 696 nəfər, XI siniflər üzrə isə 465 nəfər şagird iştirak edib.

Virtual müşavirə zamanı yeni tikilən N.Gəncəvi adına Sərkar kənd tam orta və əsaslı təmir olunan İ.Nəsimi adına Ziyadlı kənd tam orta məktəblərinin yeni tədris ilinə hazırlıq üçün yekun işləri haqqında da müəyyən  məlumatlar verilib.

Müşavirədə pandemiya səbəbilə gecikən qəbul imtahanları, müəllimlərin işə qəbulu müsabiqəsi və sertikasiyaya hazırlıq barəsində direktorları maraqlandıran vacib suallara da aydınlıq gətirilib.

Qeyd edək ki, Samux rayonunda 35 ümumi təhsil (23 tam orta, 11 ümumi orta, 1 ibtidai məktəb) və 2 məktəbdənkənar təhsil müəssisəsi  fəaliyyət göstərir.


Açar sözlər: ,  ,